ONYX MMC-nin təsisçisi və baş direktoru Anar Şahbazov 9–11 sentyabr 2026-cı il tarixlərində Cənubi Koreyanın Busan şəhərində keçirilən World Smart City Expo (WSCE) 2026 və onunla paralel təşkil olunan K-ICT WEEK in BUSAN 2026 tədbirlərində Global Buyer statusunda iştirak edib.

Bu il 10-cu yubileyini qeyd edən WSCE Asiyanın ən böyük smart city tədbiri hesab olunur. Sərgi Koreya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi, Elm və İKT Nazirliyi və Busan şəhər meriyasının birgə təşkilatçılığı ilə BEXCO sərgi mərkəzində "Beyond Smart City, Into AI City" mövzusu altında keçirilib. Tədbirdə 277 şirkət və təşkilat süni intellekt, nəqliyyat və mobillik, ictimai təhlükəsizlik, fəlakətlərin qarşısının alınması, energetika və səhiyyə sahələri üzrə həllərini təqdim edib.
Paralel keçirilən K-ICT WEEK in BUSAN 2026 AI KOREA, CLOUD EXPO KOREA və IT EXPO BUSAN sərgilərini vahid platformada birləşdirərək bulud infrastrukturu, korporativ server və şəbəkə avadanlığı, AI video analitika və kibertəhlükəsizlik üzrə Koreya istehsalçılarının son həllərini bir araya gətirib.
Global Buyer Business Meeting proqramı çərçivəsində 15 ölkədən 40-a yaxın xarici alıcı Koreya şirkətləri ilə fərdi görüşlər keçirib. ONYX bu proqramda Azərbaycanı təmsil edən şirkət kimi iştirak edib.
Görüşlər sırasında Anar Şahbazov yol təhlükəsizliyi və intellektual nəqliyyat sistemləri sahəsində ixtisaslaşan Busan şirkəti SB Security Ltd-nin baş direktoru Osoo Zeh ilə görüşüb. Şirkətin günəş enerjisi ilə işləyən LED yol işarələmə sistemləri (Solar Eyes) və svetoforlarla inteqrasiya olunan süni intellekt əsaslı smart piyada keçidi həlli (AI-EYES-CW) Azərbaycan bazarı üçün əməkdaşlıq perspektivləri baxımından müzakirə edilib.
Bundan əlavə, tədbir çərçivəsində Koreya istehsalçılarının yüksək əlçatanlıq (HA) server həlləri, korporativ şəbəkə avadanlığı və bulud infrastrukturu təqdimatları ilə tanışlıq keçirilib.
ONYX Cənubi Koreyanın aparıcı texnologiya şirkətləri ilə əlaqələri genişləndirərək smart city, ictimai təhlükəsizlik və korporativ IT infrastrukturu sahələrində müştərilərinə yeni nəsil həllər təqdim etməyi planlaşdırır.




Avadanlıq təchizatından açar-təslim infrastruktur və təhlükəsizlik layihələrinə qədər — ONYX komandası ilə danışın.